Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasında (MAA) tələbələrlə maarifləndirici görüş keçirilib. Tədbirin əsas məqsədi gənclər arasında orqan donorluğuna dair məlumatlılığı artırmaq, bu mövzuda düzgün ictimai yanaşmanı formalaşdırmaq olub.
Görüşü Milli Aviasiya Akademiyasının Həmkarlar Komitəsinin sədri, İqtisadiyyat və Hüquq fakültəsinin dekan müavini Qalib Süleymanov açaraq qeyd edib ki, bu cür görüşlər gənclərin mənəvi dəyərlərə sadiqliyini və sosial məsuliyyət hissini gücləndirir: “Bu kimi təşəbbüslər gəncləri həm insani, həm də sosial baxımdan formalaşdırır.”
Daha sonra çıxış edən Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova vurğulayıb ki, orqan donorluğu cəmiyyət üçün humanist dəyərin ən ali təzahürlərindən biridir: “Donorluq — həyat bəxş edən qərardır. Biz istəyirik ki, gənclər bu anlayışı yalnız tibbi yox, həm də mənəvi məsuliyyət kimi dərk etsinlər”.
Ardınca Mərkəzin İdarə Heyətinin sədr müavini Günay Abbasova çıxış edərək donor olmağın vacibliyi, bir donorun 8-ə yaxın insanın həyatına işıq ola biləcəyini vurğulayıb: “Donorluq sadəcə tibbi prosedur deyil — bu, mərhəmət, paylaşmaq və insan sevgisi anlayışlarının birləşdiyi ali dəyərdir”.
Tədbir zamanı tələbələr aktiv iştirak edərək, müxtəlif suallar veriblər. Mərkəzin İdarə Heyətinin sədri Yeganə Abbasova bütün sualları ətraflı şəkildə cavablandıraraq tələbələri bu sahədə daha məlumatlı olmağa çağırıb.
Tədbirin sonunda isə orqan donorluğunun əhəmiyyətini və insan həyatında yaratdığı dəyişiklikləri əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib. Video tələbələr tərəfindən böyük maraq və emosional təsirlə qarşılanıb.